Bakı Dövlət Universiteti EIFL.net (Electronic Information for Libraries) Beynəlxalq Konsorsiumuna üzv olan Azərbaycan Kitabxana İnformasiya Konsorsiumunun (Az.KİK) koordinatorluğu ilə “EBSCO Discovery Service” - inteqrasiya olunmuş axtarış sisteminə əlyetərlik əldə edib. Sistemdən yalnız BDU-nun professor-müəllim heyəti, gənc tədqiqatçı və oxucuları deyil, BDU-da fəaliyyət göstərən Az.KİK-ə üzv olan respublikanın 12 ali təhsil müəssisəsinin (Azərbaycan Dillər Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Tibb Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Turizm və Menecment Universiteti, Naxçıvan Dövlət Universiteti, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Akademiyası, Milli Aviasiya Akademiyası, Bakı Ali Neft Məktəbi, Xəzər Universiteti, Azərbaycan Universiteti və Bakı Biznes Universiteti) oxucuları da istifadə edə bilərlər.
“EBSCO Discovery Service” - xarici nəşrlərdən alınan məqalələr və biblioqrafik məlumatlar üzrə axtarış aparmağa imkan verən, təşkilatın lisenziyalı giriş (satın alınmış, abunə olunmuş resurslar, xarici təchizatçıların sınaq üçün istifadəyə verdiyi resurslar) imkanı olan sənədlərin tam mətnlərinə elektron formada daxil olmağı təmin edən kompleks inteqrasiya olunmuş axtarış sistemidir. 3.7 milyarddan çox biblioqrafik qeydi özündə cəmləşdirən ən geniş qlobal indeksə malik sistem müxtəlif təchizatçılar, nəşriyyatlar, platformaların açıq giriş rejimində mövcud olan yüzlərlə resurs paketini universitet üçün xüsusi məhdudiyyətlər olmadan indeksləşdirir. Bununla da alimlər, müəllimlər və tələbələr dünyanın nəhəng elmi informasiya mənbələri ilə işləmək imkanı əldə edirlər.
Sistem “vahid axtarış pəncərəsi” rejimində işləyir, yuxarıda adları qeyd olunmuş Az.KİK-in üzvü olan ali təhsil müəssisələrinin oxucuları sistemə BDU-nun interfeysi üzərindən qonaq giriş rejimində işləyən axtarış pəncərəsindən mənsub olduqları müəssisənin istifadəçi adı və şifrəsini yazmaqla daxil olacaqlar.
BDU-nun tədqiqatçı və oxucuları universitetdən kənar uzaq məsafədən sistemdəki resursların tam mətnini əldə etmək üçün tələb olunan istifadəçi adı və şifrəni Elmi Kitabxanaya müraciət edərək əldə edə bilərlər. Universitet daxilində isə bütün resurslara giriş açıqdır.